1961-ci il 12 apreldə Sovet kosmonavtı Yuri Qaqarin “Getdik” sözünü deyərək “Vostok-1” kosmik gəmisində uçuşa başladı və insanlıq tarixində kosmosun fəthinə ilk addımı atdı.
Düz 54 il sonra, 2015-ci il 12 apreldə, biz də eyni sözlə — “Getdik” — öz yolumuza başladıq və Portal Games layihəsini həyata keçirdik. Həmin gün Portal Games-in ilk filialı rəsmi olaraq açıldı və bu tarix şirkətimizin başlanğıc nöqtəsi oldu.
İlk filialımız “Ayna Sultanova” ərazisində, Ziya Bünyadov prospektində yerləşirdi və eyni anda iki fərqli oyunla fəaliyyətə başladı. Bu xüsusiyyət onu Portal Games tarixində iki oyunla eyni vaxtda açılan yeganə filial etdi.
Bu açılış Portal Games üçün sadəcə yeni bir məkan deyil, qorxu və macəra dünyasında tamamilə yeni bir yolun başlanğıcı idi.
Bunker oyunu
“Ayna Sultanova” filialında açılan ilk oyunlardan biri Bunker oyunu idi. Bu oyunun qurulması tam 6 ay davam etmişdi. Oyunda istifadə olunan əşyaların böyük bir hissəsi İkinci Dünya Müharibəsində real olaraq istifadə edilmiş eksponatlardan ibarət idi.
Oyun üçün hazırlanmış forma və yağış paltarları isə Sovet dövrünə aid çadırlardan hazırlanmışdı. Bu detallar oyuna maksimum reallıq qataraq, illərdir qonaqlara unudulmaz təcrübə yaşadır.
Mişar oyunu
Filialın ikinci oyunu isə “Mişar” oyunu oldu. Bu oyun Portal Games-in ən qorxulu oyunlarının başlanğıcı hesab edilir və şirkət daxilində bütün qorxu oyunlarının əsasını qoyan layihə kimi tanınır.
İlk dövrlərdə bu oyunda aktyor iştirak etmirdi. O zaman gələn qonaqlar bunu yaxşı xatırlayır. Lakin sonradan oyuna aktyorun əlavə edilməsi tamamilə təsadüf nəticəsində baş verdi. Məhz bu təsadüf Portal Games üçün dönüş nöqtəsi oldu və bundan sonra yaradılan bütün qorxu oyunlarına aktyorlar daxil edildi.